Ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısında xidmətləri
misilsizdir. İstər Azərbaycanda hakimiyyətdə olduğu, istərsə də Moskvada
çalışdığı dövrlərdə daim xalqını və doğma vətənini düşünmüş, ölkəmizdə gedən
proseslərə biganə qalmamış, Azərbaycanın inkişafı naminə böyük işlər görmüşdür.
Dövlətimizin və xalqımızın üzləşdiyi ağrılı-acılı 90-cı illərdə
xilasımıza can atan və yetişən məhz ümummilli liderimiz Heydər Əliyev oldu. 20
Yanvar hadisələrindən sonra Moskvadakı nümayəndəliyimizdə xalqımıza qarşı
qırğın törədənlərə qəti etirazını bildirərək, xalqının və dövlətinin yanında
olduğunu göstərdi.
1990-ci il iyulun 20-də Bakıya gələn Heydər Əliyev daha sonra
Naxçıvana getdi. Həmin dövrdə Azərbaycanda hərc-mərclik, xaos, özbaşınalıq hökm
sürürdü. Eləcə də Azərbaycanın bir parçası olan Naxçıvan Muxtar Respublikasında
da vəziyyət ürəkaçan deyildi. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan
Muxtar Respublikası Milli Məclisinin sədri seçildi. 1990-1993-cü illər ərzində
blokada şəraitində qalan Naxçıvanda siyasi və iqtisadi sabitliyin bərqərar
olması ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətlərindən biri idi.
Dövlət rəmzlərimizdən olan üçrəngli bayrağımızın qaldırılması, qardaş Türkiyə
ilə əlaqələrin qurulması, Yeni Azərbaycan Partiyasının təsis edilməsi, işğaıçı
Ermənistanın hücum cəhdlərinin qarşısının alınması - bütün bunlar ümummilli
liderimiz Heydər Əliyevin xalqına və vətəninə nə qədər bağlı olduğunun təzahürü
idi.
Qardaş qırğınına, məhvolmaya doğru sürüklənən, ümidsizliyə qapılan
xalqımızın qəlbində ümid çırağının yandırılması və sonrakı dövrdə müstəqil,
demokratik, qüdrətli Azərbaycan dövlətinin formalaşması dahi şəxsiyyət Heydər
Əliyevin adı ilə bağlıdır.
Ümummilli liderimiz Heydər
Əliyevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır!
Zülfü Quliyev,
Xocalı rayon Yaloba kənd orta məktəbinin müəllimi